Keçid linkləri

2025, 27 İyul, bazar, Bakı vaxtı 19:53

İctimai fəal Nicat İbrahimə 6 il 6 ay həbs  verilib


Nicat İbrahim
Nicat İbrahim

10 aydır həbsdə olan ictimai fəal Nicat İbrahimə 6 il 6 ay cəza kəsilib. İyulun 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.

N.İbrahim Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətiylə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə - Bəhmən Əliyev adlı şəxsi bıçaqlamaqda təqsirli bilinib. CM-in 221.3 (silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddəsi ilə ittihama isə xitam verilib.

Hökmdən öncə son sözünü deyən N.İbrahim isə, ümumiyyətlə, təqsirsiz olduğunu, kimsəni bıçaqlamadığını bildirib. O vurğulayıb ki, 2020-ci ildə prezident İlham Əliyevə istefa tələbi ilə sosial media hesabındakı paylaşımlarına görə hələ də ondan qisas alınır, bu üzdən şərlənib: "Nə istəyirlər məndən, ailəmdən, anlamıram. Ölkədən çıxıb getməyə də qoymurlar. Bu qədər insafsızlıq olmaz. Bir neçə gün əvvəl evimizi yandırıblar, bütün əşyalar kül olub".

21 iyul

Prokuror ictimai fəala 9 il həbs cəzası istədi

Həbsdə olan ictimai fəal Nicat İbrahimə 9 il cəza istənib. Bakı Ağır Cinayətlər Məhkəməsindəki dövlət ittihamçısı iyulun 21-də bu təkliflə çıxış edib.

Prokuror çıxışında iddia edib ki, N.İbrahimin Bəhmən Əliyev adlı şəxsi bıçaqladığı məhkəmədə sübuta yetirilib. O bu üzdən, ona Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətiylə qəsdən sağlamlığa ağır zərər vurma) və 221-ci (xuliqanlıq) maddələriylə cəza verilməsini istəyib.

N.İbrahim və vəkili isə məhkəmə istintaqının yekunlaşmasına etiraz ediblər. Onlar bıçaqlanma olayının yaşandığı yerdəki kamera görüntülərinin alınmasını və məhkəmədə baxılmasını tələb edirlər. İctimai fəal deyir ki, heç kimi bıçaqlamayıb, dayandığı yerdə bir nəfər ona hücum edib, özünü yerə yıxaraq bıçaqlandığı görüntüsünü yaradıb. Dərhal da ətrafdan polislər gəlib, onu zorakılıqla saxlayaraq polis idarəsinə gətiriblər.

İyulun 22-dəki məhkəmədə ictimai fəalın vəkili müdafiə nitqiylə çıxış edəcək, ardından özü son sözünü deyəcək və hökm oxunacaq.

Xatırlatma

Nicat İbrahim ötən il sentyabrın 9-dan həbsdədir. İctimai fəal həbsindən bir həftə öncə ailəsiylə birlikdə ölkədən getmək istəsə də, hava limanından buraxılmayıb. Onun fikrincə, ölkədən buraxılmayınca, Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edərək nazirliyin qarşısında özünə qəsd edəcəyini dediyinə görə cəzalandırılıb.

N.İbrahim daha öncə 2020-ci ilin iyulunda – Prezident Administrasiyasının qarşısında "İlham Əliyevə istefa" tələbi ilə etiraz aksiyası keçirməyə gedərkən saxlanılmış, koronavirus yayma ittihamı ilə 1 il 3 ay həbs cəzası almışdı. N.İbrahim o zaman da təqsirsiz olduğunu, etiraz aksiyası keçirmək istədiyinə görə cəzalandırıldığını demişdi.

O, bir neçə il əvvəl ağzını tikib aclıq etməklə polislərə qarşı etiraz aksiyası da keçirmişdi.

Son illərdə bir neçə ictimai-siyasi fəal küçədə başqasına bıçaqla xəsarət yetirmə ittihamı ilə həbs olunub. Onların arasında keçmiş diplomat Emin İbrahimov, AXCP üzvləri Zamin Salayev, Kənan Zeynalov, "İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov, "Yoldaş media"nın təsisçisi, ictimai fəal Əhməd Məmmədli və başqaları var.

XS
SM
MD
LG